Mühtəviyyata keç

“Qarabağ” avrokubok üçün seçimini etdi

“Qarabağ” avrokubok üçün seçimini etdi

Azərbaycanı bu mövsüm Avropa kuboklarında təmsil edəcək “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Bu haqda Qol.Az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.

“Respublika stadionu həm komandamız, həm də texniki heyətimiz üçün rahatdır” – deyə o bildirib.

Avrokuboklar zamanı Ağdam klubunun oyunlarına maraq böyük olur. Bu səbəbdən bəzən Respublika stadionunda boş yer tapmaq olmur. Ona görə də klub rəsmisi “Qarabağ”ın ev oyunlarından hansınısa Bakının yeni – azarkeş tutumu daha böyük olan Olimpiya stadionunda keçirməsinin mümkünlüyü haqda sualı da cavablandırıb.

“Turnirin gedişatı zamanı, sifariş olunan stadionda problem yaranarsa, o zaman UEFA-ya müraciət olunub razılıq alınmaqla arena dəyişikliyi edə bilərik. Olimpiya stadionuna gəlincə, birincisi, hazırda ora Avropa oyunları üçün hazırlanır. İkincisi, stadion tam hazır olduqdan sonra UEFA texniki yoxlama aparmalıdır ki, oranın ulduzunu müəyyənləşdirsin və rəsmi səviyyədə Avropa standartlarına cavab verdiyini təsdiqləsin. İndiki halda, bildiyimizə görə, işlər hələ tam yekunlaşmadığı üçün UEFA tərəfdən belə bir yoxlama olmayıb. Bundan başqa, matçı həmin stadionda keçirmək üçün stadionla klub arasında müqavilə imzalanmalı və bu haqda UEFA-ya məlumat verilməlidir. Olimpiya stadionu Avropa oyunlarına hazırlaşdığından “Qarabağ”ın 2014/15 mövsümündə ev oyunlarını həmin arenada keçirməklə bağlı hər hansı təşəbbüs olmayıb”.

Şərhiniz...