Mühtəviyyata keç

“Aramızda inciklik olsaydı, “Qarabağ” mənə təklif göndərməzdi”

55784“Qarabağ”ın yeni transferi Əfran İsmayılov Qol.Az saytına müsahibəsinə Ağdam klubuna qayıdışından, Çempionlar Liqasınının III təsnifat mərhələsində “Seltik”lə qarşılaşacaqları  oyundan və milli komandamızın “DÇ-2018”in seçmə mərhələsindəki rəqiblərindən danışıb.

– Əvvəlcə “Qarabağ”a qayıdışın haqda danışaq. Sabiq komandana gəlişin bir qədər gözlənilməz oldu.

– Mənə doğma olan bir komandaya qayıtmışam. Qurban müəllim məni yaxşı tanıyır, mən də onu. Başqa kluba da keçə bilərdim. Amma qeyd etdiyim amilləri nəzərə alıb “Qarabağ”ı seçdim. Futbolçu bir komandada müxtəlif illərdə bir neçə dəfə çıxış edə bilər.

– 2013-cü ildə “Qarabağ”dan ayrılan zaman klubla aranda inciklik olduğu deyilirdi.

– Bilmirəm, bu söhbəti hardan çıxarırlar. Mən də sonradan bu haqda eşitdim. Ancaq qətiyyən belə şey olmayıb. Həmişə “Qarabağ”la yaxın münasibətim olub. Kimlərsə bunu özündən uydurur. Bu barədə klub nümayəndələrindən də soruşa bilərsiniz. Yaxşı münasibətlərimizin nəticəsidir ki, “Qarabağ” yenidən mənə təklif göndərdi. Mən də bu təklifi sevinclə qarşıladım. Aramızda inciklik olsaydı, mənə təklif göndərməzdilər.

– Yəqin ki, özün də etiraf edərsən ki, “Qarabağ”dan ayrıldıqdan sonra əvvəlki Əfran İsmayılovu görə bilmirdik. Sabiq komandana qayıdışın həmin formanı bərpa etməyinə zəmin yaradacaqmı?

– Əlbəttə ki, hər şey özümdən asılıdır. Bəli, çıxış etdiyin komandanın da burada rolu böyükdür. “Qarabağ” elə bir komandadır ki, burada oynamaq istəyən futbolçu yaxşı formada olmalıdır. Bu mənada “Qarabağ”a qayıdışımın faydalı olacağını indidən demək olar. Çox çalışmalıyam. Hansı komandaya gəldiyimi bilirəm.

– “Qarabağ”da əsas heyət üzvü olmaq o dövrdə asan idi, yoxsa indi? 

– Hazırda “Qarabağ”da çox güclü rəqabət var. Komandamız ildən-ilə daha da iddialı olur. Rəqabət olmayan yerdə nəticə ola bilməz. Qurban müəllimin komandada yaratdığı rəqbətin nəticəsidir ki, bu gün “Qarabağ”ın uğurlarının şahidi oluruq. Mən də özümə inanıram. Rəqabətə hazıram. Əvvəlki formama düşmək və komandama xeyir vermək üçün maksimum çalışacam.

– Çempionlar Liqasının III təsnifat mərhələsində sizi “Seltik”lə oyun gözləyir. Qarşıdakı görüş və rəqibiniz haqda nə deyə bilərsən?

– Doğrudan da çətin rəqiblə düşmüşük. “Seltik”in iddiası hər kəsə bəllidir. Buna baxmayaraq “Qarabağ” da Avropada öz sözünü deyib. “Seltik”in futbolçuları da “Qarabağ”dan çəkinir. Onların müsahiblərini oxuyuram. Hiss olunur ki, rəqib də bizimlə oyuna ciddi yanaşır. “Qarabağ” Azərbaycan futbolunu elə tanıdıb ki, heç kim bizə üstdən aşağı baxmır. Artıq Avropa klubları da bizim iddialı olduğumuzu bilir.

– Bildiyimizə görə, viza problemi ilə bağlı Şotlandiyaya gedə bilməyəcəksən. Bəs, cavab oyununda meydana çıxmağa hazırsan? Ümumiyyətlə, xeyli müddətdir ki, “İnter”dən ayrılmısan. Hazırlıq səviyyən nə yerdədir?

– Bəli viza məsələsində bir qədər gecikdiyim üçün səfərə yollana bilməyəcəm. Milli komandamızın oyunundan sonra bir müddət istirahət etdim. Ancaq sonradan məşqlərə başladım. Formamı tam bərpa etməmişəm. Cavab matçına qədər hazır olmağa çalışıram.

– Milli komandamızın “Dç-2018”in seçmə mərhələsindəki rəqibləri bəlli oldu. Püşkü necə dəyərləndirirsən?

– Çoxları deyir ki, asan qrupa düşmüşük. Ancaq mən deməzdim ki, bəxtimiz gətirib. Çətin qrupa düşmüşük. San Marinodan başqa hamısı iddialı komandadır. Ancaq biz də özümüzə inanırıq. Bu inamı bizdə baş məşqçimiz Robert Prosineçki yaradıb. Buna görə ona təşəkkürümü bildirirəm. İndi hamımız bilirik ki, hər bir komandaya qarşı oynaya bilərik.

– Millimiz bu qrupda nəyə ümid edə bilər?

– İnanıram ki, ən azı üçüncü yer uğrunda mübarizə aparacağıq. İndi   “vur qabağa” futbolu oynamırıq. Düzdür, Almaniya favoritdir, Çexiya son vaxtlar yaxşı çıxış edir. Ancaq heç bir rəqibdən çəkinmirik. Almaniyaya qarşı da baxımlı futbol oynaya bilərik. Özümüzə çox inanırıq. Ən azından göstərəcəyik ki, Azərbaycan heç bir komandanın qarşısında aciz deyil.

Ramiq AĞAMƏMMƏDOV

Şərhiniz...