Mühtəviyyata keç

“Seltik”in futbolçuları bizi əsəbləşdirməyə çalışırdılar” – Qara Qarayev

showpic_el100 (8)“Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Seltik”lə 0:0 hesabı ilə bərabərə qaldıqları matçdan sonra Qol.Az saytına müsahibə verib.

– “Qarabağ” lazım olan nəticəni niyə əldə edə bilmədi?

– Qazonun keyfiyyətsizliyinə baxmayaraq, yaxşı oynadıq. Çətin olacağını düşünürdük. Amma “Seltik” in belə bir komanda olduğunu gözləmirdik. Futbolçuları da meydanda futboldan başqa hər şeylə məşğul idilər. Çalışırdılar bizi təxribata çəksinlər.

– Ona görə rəqib futbolçularla tez-tez mübahisə edirdiniz?

– “Seltik”i daha səviyyəli komanda hesab edirdim. Uduzduğumuza görə yox, amma bu günkü hərəkətlərinə görə bu komandaya heç vaxt azarkeşlik etməyəcəm.

– Daha çox hansı futbolçular belə edirdi?

Demək olar ki, bütün futbolçular, amma əsas da kapitanları Skott Braun.

– Rəqib futbolçular sizi hansı yollarla təxribata çəkirdilər?

– Səhv ötürmə verən kimi arxamızca qaçıb bizə gülürdülər, bizi əsəbləşdirməyə çalışırdılar, söyüş söyürdülər. Tez-tez ayağımıza qəsdən zərbə endirirdilər.Demək ki, belə bir komanda oyundan əlavə rəqibin futbolçularının cəzalandırılması üçün də məşq edibmiş. Bunu “Seltik” kimi bir komandaya heç yaraşdırmadım. Sabah Messiyə, Ronaldoya qarşı da belə hərəkət edərlər. Amma bütün bunları turu keçə bilməmək səbəbimiz kimi əlimizdə bayraq etmək olmaz.

– Öt örtüyünün yaxşı vəziyyətdə olmaması  necə oyununuza təsir etdi?

– Həqiqətən, qazon bu gün oyunumuza çox təsir etdi. Biz bu gün həm “Seltik”ə, həm də meydançanın bərbad durumuna  qarşı oynadıq. Buna baxmayaraq, bir neçə  qol vəziyyətləri yarada bildik. Bu öt örtüyü ilə bundan artığını etmək mümkün deyildi. Amma stadionda möhtəşəm atmosfer var idi. Biz də yaxşı oynadıq. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, bizi sonadək dəstəklədilər.

– Yaxşı qazon olsaydı, nəticə fərqli ola bilərdi?

– Azarkeşlərimizə və  stadionumuzun ideal vəziyyətinə görə üstünlük qazanmalıyıq. Necə ki, onlar səfər matçında bu üstünlüyə sahib idi. Şotlandiyada biz “Seltik”lə yanaşı onların azarkeşlərinə stadionlarına  qarşı da oynadıq. İlk oyun Bakıda keçirilsəydi, heç kim nəticəni deyə bilməzdi. İndiki halda ev oyununda  biz doğma meydan amilindən yararlana bilmədik.

– “Qarabağ”ın “Seltik” qarşısında büdrəməsinin səbəblərində biri kimi, yeni transferlərin komandaya uyğunlaşmadığını göstərmək olar?

– Komandamızdan  gedən futbolçular oldu. Bu da formalaşmış bir komandada dəyişiklik deməkdir. Bunlar hamısı oyunumuza təsir edir. Ümid edirəm ki, bundan sonra daha yaxşı olacaq. Bu gün alınmadı,
sabah alınacaq.

– Bəzən onların oyunlarının alınmaması sənin oyununa da təsir edir?

– Deməzdim təsir edir. Pis oynasalar da çalışırıq onlara motivasiya verək. Növbəti oyunlarda daha yaxşı oynamalarını gözləyirəm.

–  Düşünmürsən ki, oyun baxımından ötənilki “Qarabağ” la indiki arasında fərq var?

– Hər komanda 5-6 il eyni oyunçularla qala bilməz. Çalışmalıyıq ki, toparlanıb keçənilki uğurlarımızı davam etdirək. Bu futbolda normal haldır.

Ergün SEYİD

Şərhiniz...