Mühtəviyyata keç

Səbuhi Məmmədli:Bəhanə gözləyirmiş “Qarabağ”a qərəzini göstərməyə

12651318_359680014207137_8560653130506829107_nSəbuhi Məmmədli:Bəhanə gözləyirmiş “Qarabağ”a qərəzini göstərməyə

Premyer Liqanın “Qarabağ” – “Xəzər Lənkəran” oyununda meydançaya limon atılması az qala “limonka” atılması effekti verib. Neçə gündür sosial şəbəkələrdə, mediada müzakirə edilən mövzulardan biri də məhz həmin limondur.

“Qarabağ”ın “İmarət” fan-klubunun bu hərəkəti gözlənilməz və həm də biabırçı bir hərəkət idi. İndi kimin nə deməsindən, hətta üzr istəməsindən asılı olmayaraq meydançaya limon atılmasının nəyə işarə olduğu heç kimə sirr deyil.

Əslində “Qarabağ” elə bir klubdur ki… onun azarkeşləri təkcə ağdamlılar deyil. Həm də niyə olsun ki? “Qarabağ” çoxdan, lap çoxdan Ağdam klubu da deyil. Heyətində bircə ağdamlının olmadığı kluba necə Ağdam klubu demək olar ki?

Bəli, “Qarabağ” bir brenddir. Amma bu brendin də yiyəsi var. Bu isə Abdulbari Gözəldir. Hafiz Məmmədov “Bakı”dan, Cahangir Hacıyev “Simurq”dan əlini çəkdiyi kimi Abdulbari müəllim də əlini bir balaca kənara itələsə, “Qarabağ”ın “Rəvan”dan fərqi olmayacaq. Həmin Reynaldoya maaşı dollar əvəzinə soğanla vermək olmaz axı? Azərbaycan futbol reallığında bunu sübut etmək üçün hansısa analitikə-filana da ehtiyac yoxdur.

“Qarabağ” bəlkə də yeganə komandadır ki, başda Lənkəran olmaqla istənilən çılğın azarkeş ordusu qarşısında rahat çıxış edə bilir. Ona görə yox ki, komanda oyunlara psixoloji hazırlıqlı başlayır, nə bilim oyunçuları dəmir əsəb sahibidirlər. Xeyr, komandanını adı əzizdir hamıya. “Xəzər Lənkəran”nın ən iddialı vaxtlarında, Lənkəran stadionuna 15 min adamın yığışdığı dövrlərdə belə, bu şəhərin azarkeşləri “Qarabağ”ı öz doğma klubu kimi qarşılayıblar, yola salıblar. Ən azı “Neftçi”yə atılan daşlar, “Qarabağ”ın üstünə köhlən atlar çəkilmiş avtobusuna atılmayıb heç vaxt.

Amma bu gün “Qarabağ”lılar “Xəzər Lənkəran”a limon atır. Bax, faciə budur.

İndi “İmarət” üzr istəyir lənkəranlı azarkeşlərdən. Məşhur bir filmdə deyildiyi kimi, “Pozdno, Rita”. Əslində isə filmin ilk anonsu çoxdan verilmişdi. Biz “Qarabağ”ı çox şişirtdik dostlar, çox. Hə, razıyam iki ildir Avro Liqanın qrup mərhələsində oynayır. Amma “Qarabağ” heç “Astana” da deyil axı?! Qazaxıstan klubu bu il Çempionlar Liqasının qrup mərhələsində oynayıb, “Qalatasaray” (2 dəfə), “Atletiko” Madrid, “Benfika” ilə heç-heçə edib, Avroliqada oynayan “Qarabağ” qədər xal toplayıb, üstəlik bir top da artıq vurub. Amma Sayan Xamitjanovun komandası Abdulbari Gözəlin komandasından fərqli olaraq gələn il qrupdan çıxmaq haqda fikirləşir. Bəlkə də yeri deyil, bombardiri də braziliyalı deyil, qazax Tanаt Nuserbаyevdir.

“Astana”nın baş məşqçisi tez-tez hakimin işinə qarışıb yersiz müdaxilə eləmir də. Hə, məhz o penaltini də deyirəm. Elvinin “İnter”ə vurmadığı, daha doğrusu Qurban Qurbanovun tələbindən sonra kənara vurduğu penaltini. Çoxları o vaxt Qurbanovun bu hərəkətini az qala ilahi ədalətin bərqərar olması kimi təqdim etdi. Amma heç kim bir tur əvvələ qayıtmadı? Qurbanov belə ədalət mücəssəməsi idisə, bir tur əvvəl “Neftçi”nin 90 dəqiqəyədək 1-0 öndə olduğu oyunda, məhz 90+1-ci dəqiqədə bakılıların qapısına təyin etdiyi haqsız penaltiyə niyə reaksiya vermədi? Sonuncu, “limon” rəngi qatılan qalmaqallı oyunda hakimin qırmızı kartına reaksiya göstərməsi də anlaşılan deyil. Bu, halal-haram məsələsi deyil axı. Bununla AFFA Hakimlər Komitəsi məşğul olmalıdır.

Şərhiniz...