Mühtəviyyata keç

Qılıncla tankın fərqi haqqında

_91502836_gettyimages-611412000Ötən cümə axşamı futbol matçını izləyərkən birdən birə anladım ki, mən həyatımda ilk dəfə Azərbaycan komandasının oyununu həm həzz, həm də fəxrlə izləyirəm.

Bu hissləri mənə “Qarabağ”ın “Artemio Franki” stadionunda nümayiş etdirdiyi futbol verirdi.

Bu stadionda gözəl təşkilatlanmış və mən deyərdim ki ziyalı futbol nümayiş etdirərək, “Fiorentina”nı yarım saat ərzində əmməlli başlı sıxışdırmaq heç də hər komandanın işi deyil.

Və ən əsası odur ki, belə oyunun ağdamlılar üçün uğursuz bitəcəyinə əmin olsam belə, aldığım ləzzətin hər saniyəsi gözlədiyim məğlubiyyətin acısını tədricən azaldırdı…

“Fiorentina” “Qarabağ”ın hücum etməyini istəyirdi

Burada təbii ki, soruşacaqsınız ki, a kişi, “Qarabağ” belə oynayırdısa, onun uduzacağını haradan bilirdin axı sən? Cavab əvəzinə qrup mərhələsi başlamazdan əvvəl elə bu elektron səhifələrdə yazdığım sözləri gətirmək istəyirəm:

“Qarabağ”ın üstün cəhətlərindən biri topa nəzarət etməkdir ki, belə oyun üsulu məhz italyanlar üçün qorxulu deyil – onlar çox zaman topu qəsdən rəqibə verirlər ki, öz işlərini əkshücumlar vasitəsilə görsünlər.

Amma bu heç də o demək deyil ki, “Fiorentina” keçilməzdir – ağdamlılar lazımsız top itkilərinə yol verməsələr “bənövşələri” daha fəal olmağa və müdafiədə boşluqlar yaratmağa məcbur edə bilərlər.”

Həmin “lazımsız” top itkilərini ağdamlılar hər oyunda bir neçə dəfə edirlər (“Slovan”la oyunda Miçel bunu artıq 5-ci saniyədə etmişdi) və futbolda bu kimi səhvlərdən istifadə olunub-olunmaması artıq rəqibin səviyyəsindən və müdafiəçilərin sürətindən asılıdır.

“Fiorentina”nın səviyyəsi yüksək, “Qarabağ” müdafiəçilərinin sürəti isə həmin yüksəyin əksidir.

Belə ki, futboldan nisbətən başınız çıxırsa, Qurban Qurbanovun “Fiorentina”ya qarşı “Qarabağ”ın ənənəvi oyun üslubunu tətbiq edəcəyi halda meydanda nəyin baş verəcəyini proqnozlaşdırmaq heç də çətin deyildi.

Qılıncla tankın üstünə getməzlər…

Elvin Yunuszadənin qırmızı vərəqə alması oyunda həlledici məqamlardan biri olub

Məhz bu səbəbdən onun bu üsulu niyə tətbiq etdiyi mənim üçün anlaşılmazdır.

Ötən yazımdakı süvari mövzusuna qayıdaraq (ümumiyyətlə, hər bir futbol oyunu baş-başa mübarizəsi və taktiki gedişlərilə doğrudan da döyüşə bənzəyir), bu oyunda “Qarabağ”ın seçdiyi taktika İkinci Dünya müharibəsinin ilk günləri zamanı Polşa süvarilərinin alman və sovet tanklarına qarşı etdikələri məşhur hücumlara bənzədi.

Təsəvvür edirsiniz, çəmənliyin bir tərəfindən tanklar irəliləyir, obiri tərəfindən isə atlılar qılınclarını çıxarıb bu tanklara hücum edirlər və bəzi məlumatlara görə, hətta qılınclarla bu tankları deşməyə çalışırlar…

Kimlərsə bunu qəhrəmanlıq kimi qiymətləndirir, məncə isə qılıncla tankın üstünə cummaq sadəcə olaraq ağılsızlıqdır.

Düzdür, əfsanəvi dərəcədə gözəldir və məhz ona görə mən bunun “ölümə” aparacağını bilə-bilə yarım saat ərzində “Qarabağ”ın oyunundan həzz almağı davam edirdim.

Amma həmin zaman içimdə artıq bir praqmatik jurnalist deyil, qızılbaşların kötücəsinin (babam onların əsas məkanı olan Ərdəbil dağlarındandır) emosiyaları və genləri özünü büruzə vermişdi.

Onlar üçün isə at belində hücuma çapmaqdan ləzzətli bir şey yox idi…

Amma, a kişi, daha tankın üstünə yox da! Nə isə, nəticədə Riçard Almeyda gözlənildiyi kimi, təhlükəli mövqedə ötürmədə səhvə yol verdi, italyanlar isə belə vəziyyətlərdə ildırım sürətli hücum təşkil etməyi anadangəlmə bilirlər.

Sonrası isə sadə idi – “Qarabağ” hücuma meylli taktika işlətdiyinə görə, geridə “Fiorentina”nın iki hücumçusunu yalnız iki müdafiəçi qarşıladı, hər ikisi topa bir anlıq gecikdi (yuxarıda söylədiyim sürət məsələsi), top Elvin Yunuszadənin əlilə təmasa girdi və hakim düşünmədən ona qırmızı vərəqə göstərdi.

Bununla oyunu bitmiş elan etmək olardı. “Qarabağ” üçün bitmiş…

…xüsusən tankın arxasında hakim duranda

Hakimin düşünməməyini boş yerə qeyd etmədim. Avstriyalı hakim Oliver Draxta oyunun ilk dəqiqəsindən özünü qonaqlara qarşı çox sərt göstərdi.

Ağdamlılar oyundan kənar vəziyyətdə olmaya-olmaya onların hücumları fitlə dayandırılırdı, meydan sahibləri isə ofsaydda olarkən buna göz yumulurdu.

Bundan əlavə, “Fiorentina” oyunçularının ciddi qayda pozuntuları vərəqələrlə cərimələndirilmir, Elvinlə bağlı epizodda isə sarı vərəqə ilə kifayətlənmək olsa da (onun bilərəkdən əllə oynaması aydın deyildi, bundan əlavə isə “Qarabağ”ın başqa futbolçusu hadisə yerinə yaxın idi və onun Kaliniçə çatacağı mümkün idi), ona qırmızı vərəqə göstərdi.

Bundan əlavə, birinci qol vurulanda Karlos Sançes aşkarcasına oyundankənar vəziyyətdə düz qapıçımızın qarşısında duraraq, ona topu görməyə mane olurdu ki, qaydalara görə bu qol sayılmamalı idi.

Belə ki, “Qarabağ”ın məğlubiyyətində hakimin rolu heç də az olmadı.

Hər halda oyundan sonra “Fiorentina”nın baş məşqçisi Paulu Souza da bunu təsdiq etdi: “Oyunda üstünlüyü sayca üstün olduğumuzdan sonra əldə etdik. Qırmızı vərəqə olmasaydı, heç bilmirəm oyun necə gedəcəkdi…”

Xəyalları qırmaq istəməsəm də, mənə elə gəlir ki, “Fiorentina” istənilən halda qələbə qazana biləcəkdi. Gec-tez, çox güman ki, ikinci hissədə qonaqlar yorulandan sonra, onlar mütləq sürətli əkshücumda qol vuracaqdılar.

“Qarabağ” isə onların qapısına yol tapa bilsəydi belə, inanmıram ki, bunu bir dəfədən artıq edə biləcəkdi. Belə ki, qılıncla tankın üstünə getməyə dəyməzdi.

Əslində “Qarabağ” topu meydanın mərkəzində saxlasaydı və Ndlovu əsas heyətdə çıxsaydı, bu fiziki cəhətdən nisbətən möhkəm olan hücumçu arxadan bir-iki komanda yoldaşı ilə dəstəklənərək “Fiorentina”nın açacağı boş zonalara daxil olardı və belə oyunda ağdamlıların şansları daha çox olardı…

Şanslar haqqında

Amma onu da deməliyəm ki, “Qarabağ”ın “Artemio Franki”də tətbiq etdiyi oyun üsulu PAOK-la qarşılaşmalarda istifadə olunsa, ağdamlıların hər iki oyunda qələbə qazanmaq üçün yaxşı şansları olacaq.

Belə ki, qrupda ilk iki yerdən birini tutmaq heç də xəyal deyil.

“Qəbələ” haqqında da bu sözləri demək istərdim, amma təəssüflər olsun ki, bu klubun rəqibləri çox güclüdür.

Əslində qəbələlilər “Mayns”a qarşı çox yaxşı oyun nümayiş etdirdilər. Brüsseldəki qarşılaşmadan fərqli olaraq, onlar artıq bütün komanda ilə hücumlara atılmırdılar.

Roman Qriqorçuk bu dəfə müdafiə ilə hücum arasında ağıllı balans tapmağı bacardı.

“Qəbələ” həmişəki kimi, hücum üçün yaranan hər imkandan istifadə edirdi, lakin “Anderlext”ə qarşı oyundan fərqli olaraq, bu hücumlarda daha az oyunçu iştirak edirdi və müdafiə daha əsaslı qurulmuşdu.

Düzdür, “Qəbələ” yenə də üç top buraxdı, lakin bu dəfə qollar müdafiəçilərin səhvləri ucbatından deyil, rəqibin bacarıqları sayəsində vuruldu.

Mənə elə gəlir ki, “Qəbələ” müdafiədəki taktiki düzülüşlərinə daha çox diqqət yetirsə, hətta “Mayns” kimi rəqiblərə qarşı da müvəffəqiyyətlər əldə edə bilər.

Qələbələr mütləq gələcək. Əsası odur ki, qılıncla tankın üstünə cummayasan…

Şərhiniz...