Mühtəviyyata keç

Qurban Qurbanovun sahibləndiyi “yetim”

qarabaggQurban Qurbanovun sahibləndiyi “yetim”

Məğlubiyyət yetimdi. Nə dədəsi var, nə də nənəsi. Onu sahiblənən sadəcə, baş məşqçidir. Elə bu səbəbdən “Fiorentina”ya darmadağın olduğu üçün “Qarabağ”ı Quzanlıya qədər qovanlar, PAOK üzərində 2:0 hesablı qələbəyə görə Qurban Qurbanov və onun komandasını alqışlamaqda sərbəstdi. Niyə də yox?
Əslində bu, gözlənilən yox, inanılan qələbə idi. Hər halda komandanın heyətində Migel Madera, Reynaldo kimi itkilərin olmasına, ağdamlılar son oyunlarda stabil çıxış etməməsinə görə qələbəyə şübhə edənləri başa düşmək olardı. Amma inam, istək yenə gücə qalib gəldi. Gördük ki, Rəşad Sadıqov öz sağlamlığını yox, yalnız qələbəni düşünür. O, səhhətində yarana biləcək problemi də nəzərə almadan döyüşə atıldı. Kapitanın 90 dəqiqə ərzində ağrılardan əziyyət çəkməsi isə topla yumuşaq davranmasından hiss olunurdu. Bilmirəm, qələbə onun ağrılarını səngidəcək, yoxsa yox. Amma növbəti dəfə qeydə alına biləcək uğursuzluq təəssüf ki, PAOK üzərində inamlı qələbəni unutduracaq. Məğlubiyyət yenə yetim qalacaq, onu Qurban Qurbanov himayəsinə götürəcək.
Dəqiq olan odur ki, stadiona, eləcə də televiziya qarşısına toplaşan azarkeşlərə qələbə sevinci bəxş etmək üçün çəkilən əziyyətlərdən xəbərsizik. Elə Qurbanovun da Salonikiyə yollanıb, PAOK-u canlı olaraq izləməsindən də məlumatsız olmuşuq. Bunu Qurban bəyin özü açıqlamasaydı, operativ çalışmağa cəhd göstərən idman mediamızın da xəbəri olmayacaqdı. Düzdü, bu, onun işidir. Amma sonuncu dəfə avrokuboklarda çıxış edən komandalarımızdan hər hansı birinin baş məşqçisinin şəxsən səfərə yollanıb, rəqibinin oyununu izləyib, analiz etməsini də xatırlamıram. Ən yaxşı halda köməkçilərini göndərər, rəqibinin oyunu haqda məlumatı onlardan öyrənər. Yəqin ki, qələbənin təməli də Salonikiyə səfərdən başladı.
“Fiorentina”nın da səfərdə “Slovan” üzərində qələbə qazanmasından sonra təmsilçimizin qrupdakı vəziyyəti xeyli yaxşılaşdı. Deməli, əsl mübairzə bundan sonra başlayır. Ağdamlılar “Slovan” və PAOK-la səfər oyunlarında da dünənki gücü, istəyi nümayiş etdirə bilsələr, inanılmaz həyacanlı anlar yaşaya bilərik. Təbii ki, hər şey komandanın öz əlindədi. Şehiç, Kintana, Qara, Almeyda, Maksim, Bədavi, Dino kimi Avropa səviyyəli, Rahid Əmirquliyev, Ansi Aqolli, Rəşad Sadıqov kimi təcrübəli, eyni zamanda döyüşkən futbolçularımız varsa, Qurban Qurbanov niyə “yetim”lə baş-başa qalmalıdı?
EMİN SƏFƏROV

Şərhiniz...